Rusiyada fövqəladə bir kitab nəşr edilib. Bu, sovet zabiti Vladimir Gelfandın II dünya və ya rusların Böyük Vətən Müharibəsi adlandırdıqları illərdə qeydini apardığı gündəlikdir.
Rusiyada bəziləri əmindirlər ki, keçmişə tənqidi yanaşma yersizdir. Üstəlik bu müharibədə 27 milyon sovet vətəndaşı həlak olub. Lakin bir başqaları hesab edirlər ki, əksinə, indiki və gələcək nəsillər müharibənin iztirabları haqqında bər-bəzəksiz, necə olubsa elə bilmək haqqına malikdirlər.
BBC müxbiri Lyusi Eş də dünya müharibəsinin çox aztanış səhnələrinə səyahət etməyə cəhd göstərib. Xəbərdarlıq edilib ki, bu məqalədə təsvir olunan bəzi hadisələr uşaqların eşitməsi üçün münasib sayılmaya bilər.
***
Berlinin ucqarındakı Treptou parkında axşamın toranlığı başlanıb. Mən qürub üfüqünün fonunda xilaskar əsgərə qoyulmuş abidəyə baxıram.
Qırılmış svastikanın üstündə qərar tutan 12 metrlik əsgərin bir əlində qılınc, o biri əlində balaca alman qızı var.
Burada 1945-ci ilin 16 aprelindən mayın 2-dəkBerlin uğrunda döyüşdə həlak olmuş 80 min əsgərdən 5 mini dəfn edilib.
Bu binanın nəhəng ölçüləri verilən qurbanların sayına mütənasibdir.
Abidənin üstündəki yazıların birində iddia olunur ki, sovet adamları Avropa sivilizasiyasını faşizmdən azad ediblər.
Lakin Almaniyadakı bəzi insanlar üçün bu abidə tamam başqa xatirələrin simvoludur.
Sovet əsgərləri Berlinə gedən döyüş yollarında saysız-hesabsız qadın zorlayıblar. Hərçənd bu barədə danışmağı nə Şərqi, nə də Qərbi Almaniyada xoşlamırdılar.
Elə Rusiyada da artıq bu barədə heç kəs danışmır.
Üstəlik Rusiya KİV-ləri sovet əsgərlərinin qadınları zorlaması barədə əhvalatları Qərbin qərəzli uydurması adlandırılar.
Amma indi bütün bunlar sovet zabitinin yazdığı gündəlik kitab halında hasilə gəlib.
Ukraynadan olan gənc yəhudi leytenant Vladimir Gelfand gündəliyini 1941-ci ildən 1945-ci ilədək aparıb. Həmin vaxtlar sovet ordusunda gündəlik tutmaq qadağası olsa da o, şahidi olduğu hadisələri və insanları inanılmaz səmimiyyətlə qələmə alıb.
Gündəliyi atasının vəfatından sonra onun kağızlarını qaydaya salan oğlu Vitali aşkar edib. Bundan sonra onu internetə yükləyiblər və indi bu gündəlik kitab şəklində Rusiyada ilk dəfə olaraq nəşr edilib.
Gündəliyin iki ixtisarlı variantı artıq Almaniyada və İsveçdə çap olunmuşdu. Orada nizami qoşunlardakı hərc-mərclikdən, kasad əsgər rasionlarından, bitli yataqlardan, ara-sıra üzə çıxan antisemitizmdən və bir an belə ara verməyən oğurluqlardan bəhs edilir.
Zabit yazırdı ki, əsgərlər hətta bir-birinin çəkmələrini oğurlayırdılar.
1945-ci ilin fevralında Gelfandın xidmət etdiyi hərbi hissəOder çayının yaxınlığında düşərgələnibmiş. O, döyüş yoldaşlarının alman qadın batalyonunu əsir götürdüklərini xatırlayır.
Valdimir Gelfand yazır ki, döyüşlərdə öldürülmüş ərlərinin qisasını alanlardan ibarət bu qadın batalyonun başına nə gəldiyini bilmir, lakin yazır ki, onların hamısını amansızlıqla edam etmək lazım idi.
Gelfandın ən diqqətəlayiq hekayətlərindən biri də aprelin 25-də yazılıb. Bu zaman o, artıq Berlində idi və həyatında ilk dəfə velosiped sürmüşdü. Velosipedlə keçərkən bir qrup qadının ağır camadanları daşıdığını görən Gelfand onlara yaxınlaşıb hara getdiklərini soruşur.
Qadınlar ona deyirlər ki, sovetlərin avanqard dəstəsi şəhərə girərkən rus əsgərləri
onların evlərinə soxulublar və burada bakirə qızı 20-dək əsgər və zabit zorlayıb.
Ana danışırmış ki, qızını onun gözləri qarşısında zorlayıblar. Sonra qəflətən qız Gelfandın üstünə atılır.
“Sən burda qal. Mənimlə nə istəyirsən, edə bilərsən. Amma təkcə sən” - deyirdi qız.
Qisas saatı gələndə
L.Eş yazır ki, almanlar sovet ərazisinin 4 illik işğalı zamanı ən dəhşətli cinayətləri törətmişdilər.
Vladimir Gelfand sovet torpağı azad edildikcə bu cinayətlər barədə danışılanları eşidirdi.
Gelfandın oğlu deyir ki, atası almanların törətdiyi ağlasığmaz vəhşiliklərdən danışarmış. O deyərmiş ki, kəndləri işğal edən alman əsgərlər yerli əhalini, xüsusən də yəhudiləri qırırdılar, hətta 1-2 yaşlı körpələrə də rəhm etmirdilər.
Nasizmin ideoloqları belə hesab edirdilər ki, Vermaxt arilərin yaxşı təşkil olunmuş qüvvəsidir və onun əsgərləri heç vaxt “aşağı irqin” qadınları ilə cinsi əlaqəyə girəcək qədər alçalmamalıdır. Lakin reallıqda bu qadağa pozulurdu.
Alim Oleq Bludnitskinin dediyinə görə, alman komandanlığı əsgərlər arasında zöhrəvi xəstəliklərin yayılmasından o qədər narahat olmuşdu ki, hətta işğal edilmiş ərazilərdə ordu üçün fahişəxanalar şəbəkəsi yaradılırdı.
Alman əsgərlərin rus qadınlarla necə rəftar etdikləri barədə şəhadətlər yoxdur, çünki onların seksual köləsinə çevrilən qadınlar sadəcə olaraq fiziki mənada məhv olurdular.
L.Eş yazır ki, Berlindəki Almaniya-Rusiya muzeyinin direktoru Jorg Morre ona bir neçə dəhşət saçan fotolar göstərib.
“Muzeydəki həmkarlarımız belə fotoları sərgiləməyin düzgün olub-olmadığı barədə daim mübahisə edirlər. Amma bu, muzeydir. Biz burada müharibədən danışmırıq, onu göstəririk” - deyə director bildirib.
Qırmızı ordu “faşist canavarının yuvasına”, yəni Berlinə daxil olanda artıq divarlardan plakatlar asılmışdı: “Əsgər, sən alman torpağındasan. Qisas saatı gəlib”.
Berlin üzərinə Baltik sahili boyunca yürüş edən 19-cu ordunun siyasi şöbəsinin qənaətinə görə, əsl sovet əsgərinin nifrəti o qədər güclü idi ki, onun üçün hər hansı bir alman qadınla əlaqə ikrah doğurardı. Lakin bu dəfə də əsgərlər sübut etmişdilər ki, onların ideoloqları ciddi yanılırdılar.
2002-ci ildə çapdan çıxmış “Berlin: iflas” kitabı üzərində işləyərkən tarixçi Entoni Bevor Rusiya dövlət arxivində Almaniya ərazisində seksual zülmkarlığın epidemiyası barədə hesabatla tanış olub. Belə hesabatlar 1944-cü ilin axırlarından XDİK-in sədri Lavrenti Beriyaya göndərilirdi.
Entoni Bevor deyir: “Bu hesabatları Stalinə verirdilər. Bu vərəqlərin kənarındakı qeydlərə görə hesabatların oxunub-oxunmadığını bilmək olur. Bu hesabatlarda Şərqi Prussiya ərazisində kütləvi zorlamalardan bəhs edilirdi. Bildirlirdi ki, sovet əsgərlərinin əlinə keçməmək üçün alman qadınları özlərini uşaqları ilə birlikdə öldürürdülər”.
Zirzəmi sakinləri
Bomba sığınacaqlarında gizlənən alman qadınlar bəzən acı zarafat da edirdilər. Deyirdilər ki, yankinin altına düşməkdənsə rusun altına uzanmaq yaxşıdır. Başqa sözlə, rus əsgəri tərfindən zorlanmaq Amerika aviasiyasının bombardmanı altına düşməkdən salamat sayılırdı.
Bununla belə real vəziyyət zarafatlıq deyildi. Bəzi alman qadınlar onlara edilən təcavüzlər barəsində rus zabitlərə şikayət edirdilər. Onda əsgərlər komandirlərin üzünə qayıdır və deyirdilər: “Bəs onlar mənim bacımı edəndə...”
Nəticədə bəzən şikayətçinin özü təcavüz hədəfi olurdu.
Belə alman qadınlardan biri öz gündəliyində yazırdı ki, “kişi cinsindən olan qurd sürüsünün” əlinə keçməmək üçün “tək bir erkək canavar tapmaq” lazım idi.
Bu qadın nəhayət, Leninqraddan olan bir zabit tapmışdı. Onunla yatırdı. Lakin təcavüzkar və qurban arasında münasibətlər getdikcə başqa, çoxmənalı şəkil alırdı. Alman qadınla sovet zabiti hətta ədəbiyyat və həyatın mənası barədə müzakirə də aparırdılar.
“Mayorun məni zorladığını heç cür demək olmaz. Mən bunu niyə edirdim? Donuz əti, qənd, şam və ya ət konservləri üçün? Əminəm ki, elə belə də var. Amma axı mayor həm də xoşuma gəlir. O, məndən bir kişi kimi daha az tələb etdikcə bir insan kimi mənim getdikcə daha çox xoşuma gəlir” - deyə alman qadın yazırdı.
Qadın yazırdı ki, onun bir çox qonşuları Berlinin fatehləri ilə belə pakt qururdular.
Bu gündəlik 1959-cu ildə “Berlində bir qadın” adlı kitab şəklində çıxarkən adamların qəzəbinə səbəb olmuşdu. Onlar hesab edirdilər ki, müəllif bütün alman qadınların namusunu təhqir edib.
Şimali Kentukki Universitetindən tarixçi Bob Lilli ABŞ hərbi məhkəmələrinin arxivlərində araşdırma aparıb.
Onun “Zorla alınmış” kitabı o qədər böyük mübahisələrə səbəb olmuşdu ki, əvvəlcə bu kitabı heç bir Amerika nəşriyyatı çap etmək istəmirdi. Kitabın ilk nəşri Fransada çıxmışdı.
B.Lillinin təxmini hesablamalarına görə, 1942-1945-ci illər arasında İngiltərə, Fransa və Almaniyada 14 min qadın Amerika əsgərləri tərəfindən zorlanmışdı.
“İngiltərədə zorlama halları lap az idi, lakin elə ki, əsgərlər La-Manşı keçdilər, belə hadisələrin sayı kəskin artdı” - deyir Lilli.
Onun sözlərinə görə, zorlamalar təkcə imic problemi yox, həm də ordu intizamı məsələsi idi.
“Eyzenhauer demişdi ki, belə iş görən əsgəri yerindəcə güllələmək və bu edamlar barədə “Stars and Stripes” kimi hərbi qəzetlərdə məlumat yaymaq lazımdır” - deyir tarixçi.
O, zorlamaya görə edam edilən əsgərlərin çox olduğunu bildirib. Amma əlavə edib ki, Almaniya vətəndaşının qətlinə və zorlanmasına görə bircə əsgər də edam olunmadı.
Bu gün alimlər müharibə vaxtı Almaniya ərazisində müttəfiqlərin törətdikləri seksual cinayətləri araşdırılar.
Uzun illər boyunca bu cinayətlər barədə susulub. Bu barədə məlumat verənlər az, eşitmək istəyənlər isə ondan da az olub.
Sükut
Belə şeylər barədə cəmiyyətdə söhbət açmaq asan məsələ deyil. Şərqi Almaniyada faşizm üzərində qələbə çalmış sovet qəhrəmanlarını tənqid etmək az qala küfr sayılırdı.
Qərbi Almaniyada isə nasizmin cinayətlərinə görə xəcalət əhval-ruhiyyəsi belə mövzuların üstünə kölgə salırdı.
Lakin 2008-ci ildə bir Berlin sakininin gündəliyi əsasında “Adsız - Berlində bir qadın” filmi çəkilib.
Bu film almanlar üçün bir növ etirafa çevrilmişdi və çox sayda qadın öz başına gələnləri danışmaq istəyirdi. Bunlardan biri də İngeborg Bullert idi...